Toyuq əti təhlükə mənbəyinə çevrilir?
Mətbəximizin vazkeçilməz məhsullarından və ən əlçatan zülal mənbələrindən sayılan toyuq əti ilə bağlı alimlər həyəcan siqnalı çalıblar.
Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın məşhur Oksford Universitetinin apardığı genişmiqyaslı araşdırma sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının ciddi bioloji risk mənbəyinə çevrildiyini üzə çıxarıb.
Tədqiqat çərçivəsində alimlər son 45 il ərzində 30 ölkədən toplanmış minlərlə genetik nümunəni təhlil ediblər. Araşdırmanın nəticələrinə görə, müasir quşçuluq təsərrüfatları insanlarda mədə-bağırsaq infeksiyalarının əsas səbəblərindən biri hesab olunan “Campylobacter” bakteriyasının yayılmasını 100 dəfədən çox sürətləndirib.
Alimlərin təqdim etdiyi məlumatlar insan fəaliyyətinin təbiətin tarazlığına təsirini də açıq şəkildə göstərir. Belə ki, 1960-cı illərdən bəri dünyada toyuqların sayı 7 dəfə artaraq 31 milyarda çatıb. Hazırda Yer üzündəki bütün quşların ümumi biokütləsinin təxminən 70 faizini yalnız fermalarda yetişdirilən toyuqlar təşkil edir.
Mütəxəssislər bildirirlər ki, quşların sıx şəraitdə və kütləvi şəkildə saxlanılması təhlükəli bakteriyaların sürətlə yayılmasına şərait yaradır. Bu isə infeksiyaların quş ətindən insanlara keçməsi riskini əhəmiyyətli dərəcədə artırır.