Səhərlər qəhvə içməyin bu zərərləri var
Günə bir fincan isti qəhvə ilə başlamaq bir çoxumuz üçün imtinaedilməz bir vərdiş olsa da, son elmi araşdırmalar bunun yaxşı hal olmadığını sübut edib.
Metbuat.az xəbər verir ki, yeni aparılan tədqiqatlar görə, səhər qəhvəsinin bədənimizə təsiri sadəcə yuxudan tam ayılmaq və enerji verməklə məhdudlaşmır. Xüsusilə qəhvə istehlakını birdən-birə dayandıran şəxslərin ilk 24 saat ərzində ciddi məhrumiyyət simptomları yaşadığı, lakin bu uyğunlaşma mərhələsindən sonra yuxu keyfiyyətində qalıcı artım və daxili narahatlıq (təşviş) səviyyəsində nəzərəçarpan azalma müşahidə olunduğu müəyyən edilib.
Digər tərəfdən, mütəxəssislər uzun illərdir səhərlər acqarına qəhvə içməyin maddələr mübadiləsini sürətləndirdiyini desələr də, bu vərdişin gizli qalan mənfi tərəfləri də üzə çıxıb. Belə ki, səhər saatlarında bədəndə artıq ən yüksək səviyyədə olan kortizol (oyanıqlıq) hormonunun qəhvə vasitəsilə daha da artırılması, uzunmüddətli dövrdə xroniki yorğunluğa və sinir sisteminin gərginləşməsinə yol açır. Həmçinin, boş mədəyə daxil olan qəhvənin qana sürətlə qarışaraq ürəkdöyüntüsü və əl əsməsi kimi gizli narahatlıqları tətiklədiyi bildirilir. Odur ki, qəhvənin bu təsirlərindən qorunmaq və ondan maksimum fayda almaq üçün mütəxəssislər onu səhər tezdən acqarına deyil, yüngül bir səhər yeməyindən sonra istehlak etməyi tövsiyə edirlər.