İsti yay gecələrində rahat yatmaq üçün bunu edin
Yay aylarında havanın temperaturunun yüksəlməsi gecə rahat yatmağa mane olur. Otağın həddindən artıq isti olması bədənin təbii şəkildə soyumasına imkan vermir, nəticədə yuxuya getmək çətinləşir və gecə ərzində tez-tez oyanmalar baş verir.
Metbuat.az xəbər verir ki, mütəxəssislər bunun qarşısını almağın yollarını tapıblar. Onlar tövsiyə edirlər ki, ilk növbədə yataq otağının temperaturunu sərin saxlamaq tövsiyə olunur. Kondisioner istifadə edilirsə, temperaturun 18-22 dərəcə arasında saxlanılması məsləhətdir. Kondisioner olmayan evlərdə isə axşam saatlarında pəncərələri açaraq hava dövranı yaratmaq və ventilyatoru düzgün yerləşdirmək otağın daha tez sərinləşməsinə kömək edir.
Mütəxəssislər həmçinin qalın və sintetik yataq dəstləri əvəzinə pambıq və digər nəfəs alan parçalardan istifadə etməyi tövsiyə edirlər. Yatmazdan əvvəl ilıq duş qəbul etməklə bədən istiliyini tənzimləyib daha rahat yuxuya getmək mümkündür.
Bundan əlavə, yatmağa yaxın ağır yeməklərdən, kofeinli içkilərdən və intensiv fiziki məşqlərdən uzaq durmaq vacibdir. Telefon, planşet və kompüter kimi elektron cihazların yaydığı mavi işıq melatonin hormonunun ifrazını azaltdığı üçün mütəxəssislər bu cihazlardan yatmazdan ən azı 30 dəqiqə əvvəl istifadəni dayandırmağı məsləhət görürlər. Daimi yuxu rejiminə riayət etmək və gün ərzində kifayət qədər maye qəbul etmək də isti havalarda yuxu keyfiyyətini artıran əsas amillərdən sayılır.