İnsanlar qocalmaqdan niyə qorxur? -
Psixoloq açıqladı
Qocalmaq insan həyatının təbii mərhələsidir. Buna baxmayaraq, bir çox insan yaş artdıqca narahat olmağa başlayır. Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti qocalığın özündən deyil, onun gətirə biləcəyi dəyişikliklərdən qorxur.
Psixoloq Vüsalə Rüstəm Metbuat.az-a açıqlamasında bildirib ki, yaş artdıqca sağlamlığın zəifləməsi, fiziki imkanların azalması və yaxınlarını itirmək ehtimalı insanlarda narahatlıq yaradır:
“Cəmiyyətdə gəncliyin gözəllik, enerji və uğur simvolu kimi təqdim edilməsi də qocalmaq qorxusunu gücləndirir. Bu qorxu bəzən insanların öz görünüşünə həddindən artıq diqqət yetirməsinə, estetik prosedurlara marağın artmasına və yaşını gizlətmək istəyinə səbəb olur. Sosial şəbəkələrdə ideal həyat və ideal görünüşün nümayiş etdirilməsi də bu hissi daha da artırır”.
Fotoda: psixoloq Vüsalə Rüstəm
Psixoloqun sözlərinə görə, qocalmaq qorxusunun kökündə naməlum gələcəklə bağlı narahatlıq dayanır: “İnsanlar müstəqilliklərini itirmək, başqalarının qayğısına möhtac qalmaq və əvvəlki həyat tərzini davam etdirə bilməmək ehtimalından çəkinirlər. Bu, təbiidir. Amma yaşlanmağa yalnız fiziki dəyişiklik kimi baxmaq düzgün deyil. Həyat təcrübəsinin artması, emosional sabitlik, hadisələrə daha sakit yanaşmaq və insanın özünü daha yaxşı tanıması qocalığın müsbət tərəflərindəndir. Təklif edirəm ki, stəkana boş deyil, dolu tərəfdən baxaq”.
Vüsalə Rüstəm bildirib ki, sağlam həyat tərzi, aktiv sosial münasibətlər, yeni hobbilər və davamlı öyrənmək vərdişi yaşlanma ilə bağlı narahatlığı azaltmağa kömək edir.
“Qocalığı həyatın qaçılmaz sonu deyil, yeni bir mərhələsi kimi qəbul edən insanlar bu prosesi daha rahat keçirirlər”, - psixoloq əlavə edib.