İlin ilk yarısında sığorta bazarı nə qədər böyüdü? -
RENKİNQ
Azərbaycanda sığorta sektoru 2026-cı ilin ilk yarımilliyini müsbət artım dinamikası ilə başa vurub.
Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi göstəricilərinə əsasən, yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 867,396 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Göstəricilərə əsasən sektor ötən ilin eyni dövrü ilə müqayisədə 6,16% böyüyüb. Cari ilin I yarımillik renkinqinə nəzər saldıqda bazarda aparıcı oyunçuların mövqeyini daha da möhkəmləndirdiyi görünür. Toplanmış sığorta haqlarının həcminə görə ilk üçlükdə yer alan şirkətlər ümumi yığımların böyük hissəsinə nəzarət edir:
Sektorunlideri “Paşa Həyat Sığorta” ASC 421,641 milyon manat yığımla ilk sıradakı yerini qoruyub. 209,113 milyon manat nəticə göstərən “Paşa Sığorta” ASC qərarlaşıb. “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 60,045 milyon manat yığımla ilk üçlüyü tamamlayır. Yalnız ilk iki şirkətin (“Paşa Həyat” və “Paşa Sığorta”) ümumi payı 630,754 milyon manat təşkil edir. Bu isə ölkə üzrə toplanan bütün sığorta haqlarının təxminən 72,7%-nin iki şirkətin payına düşməsi deməkdir.
Bazarın digər iştirakçıları arasında “Atəşgah” SŞ ASC (35,348 milyon manat) və “Qala Sığorta” ASC (30,921 milyon manat) müvafiq olaraq 4-cü və 5-ci pillələri bölüşürlər.
Növbəti sıralarda yer alan şirkətlərin göstəriciləri isə bir-birinə kifayət qədər yaxındır. Xüsusilə “Aqrar Sığorta” (16,291 mln. AZN), “Meqa Sığorta” (16,248 mln. AZN), “Meqa Həyat Sığorta” (14,759 mln. AZN) və “Azərbaycan Sənaye Sığorta” (14,746 mln. AZN) kimi şirkətlər arasında orta seqmentdə gərgin rəqabət müşahidə olunur.