İdman

Fransa millisini Zidana əmanət etdilər

Metbuat.az

Fransa Futbol Federasiyası əfsanəvi futbolçu Zinəddin Zidanın ölkə millisinin yeni baş məşqçisi təyin olunduğunu rəsmən açıqlayıb. 54 yaşlı mütəxəssisin müqaviləsi 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, Zidanın Fransa millisindəki ilk rəsmi oyunu UEFA Millətlər Liqasında Türkiyə yığmasına qarşı keçiriləcək. Daha sonra Fransa doğma meydanda İtaliya ilə üz-üzə gələcək.

Fransa futbolunun canlı əfsanələrindən sayılan Zidan uzun illər idi milli komandaya rəhbərlik etməyi arzulayırdı. O, 2021-ci ildə Madrid “Real”ından ayrıldıqdan sonra müxtəlif klublardan gələn təklifləri qəbul etməyərək məhz bu fürsəti gözlədiyini bildirib.

Didye Deşam isə 14 illik fəaliyyəti ərzində Fransa millisini 2018-ci il dünya çempionluğuna, UEFA Millətlər Liqası zəfərinə və bir sıra böyük turnirlərin finallarına daşıyaraq komandanın tarixində ən uğurlu məşqçilərdən biri kimi yadda qalıb.

Məşqçi kimi “Real Madrid”də qazandığı uğurlarla tanınan Zidan üç dəfə ardıcıl UEFA Çempionlar Liqasının qalibi olub. İndi isə onun əsas məqsədi zəngin ulduz heyətinə malik Fransa millisini yenidən beynəlxalq arenada zirvəyə qaytarmaq olacaq.