“Fənərbağça”dan “Qalatasaray”a transfer savaşı -
İki ad gündəmdə
Yay transfer pəncərəsində fəallığını artıran “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”a növbəti zərbəni vurmağa hazırlaşır. Sarı-lacivərtli klub həm dünya ulduzu, həm də perspektivli yerli futbolçunu heyətinə qatmaq üçün danışıqları sürətləndirib.
Metbuat.az xəbər verir ki, klub rəhbərlərindən Cihan Kamer “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonun transferi ilə bağlı İtaliyada danışıqlar aparır. Tanınmış insayder Fabrisio Romanonun məlumatına görə, “Fənərbağça” artıq İtaliya klubu ilə rəsmi təmaslara başlayıb və tərəflər transferin şərtlərini müzakirə edir. Hazırda bazar dəyəri 50 milyon avro olan 26 yaşlı futbolçunun 40 milyon avro və ya daha aşağı məbləğ qarşılığında transfer edilməsi nəzərdə tutulur.
“Fənərbaxğça”nın gündəmində olan digər ulduz futbolçu isə “Qalatasaray”ın da maraq göstərdiyi gənc milli futbolçu Can Uzundur. Sarı-lacivərtlilər yerli oyunçu ehtiyatını gücləndirmək məqsədilə bu transferə xüsusi önəm verir. Klub rəhbərliyi yaxın günlərdə həm Rafael Leao, həm də Can Uzunun keçidini rəsmiləşdirərək azarkeşlərinə iki böyük transfer sevinci yaşatmağı planlaşdırır.