Maraqlı

Bu ölkədə 600 milyon dovşan var

Metbuat.az

1859-cu ildə Avstraliyada ov məqsədilə təbiətə buraxılan cəmi 24 vəhşi dovşan ölkə tarixinin ən böyük ekoloji fəlakətlərindən birinin əsasını qoyub. Qısa müddətdə nəzarətsiz şəkildə çoxalan bu heyvanların sayı 600 milyona çataarq materikin ekosisteminə və kənd təsərrüfatına ağır zərbə vurub.

Təbii düşmənlərinin olmaması dovşanların sürətlə yayılmasına şərait yaradıb. Onlar əkin sahələrini, otlaqları və meşəlikləri məhv edib, yerli canlı növlərinin qida ehtiyatlarını azaldaraq ekoloji tarazlığı pozublar. Nəticədə bir sıra nadir heyvan növləri yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Metbuat.az xəbər verir ki, problemin qarşısını almaq üçün Avstraliya hökuməti ölkənin qərb hissəsini qorumaq məqsədilə uzunluğu təxminən 3 min kilometrə çatan nəhəng çəpər inşa edib. Dünyanın ən uzun qoruyucu baryerlərindən hesab edilən bu layihə dovşanların yayılmasını müəyyən qədər ləngitsə də, problemi tam aradan qaldıra bilməyib.

Sonrakı mərhələdə alimlər bioloji mübarizə üsullarına üstünlük veriblər. Dovşan populyasiyasını azaltmaq üçün Myxoma və RHDV viruslarından istifadə olunub. İlk illərdə bu üsul müsbət nəticə versə də, zaman keçdikcə heyvanların bir hissəsində viruslara qarşı davamlılıq formalaşıb və onların sayı yenidən artmağa başlayıb.

Mütəxəssislərin hesablamalarına görə, vaxtilə atılan kiçik bir addımın nəticələri Avstraliya üçün bu gün də ciddi problem olaraq qalır. Ölkə dovşanların vurduğu ekoloji və iqtisadi zərərin aradan qaldırılması üçün hər il milyonlarla dollar vəsait xərcləyir.