Bir kişinin sevmədiyini göstərən 4 hərəkət
Münasibətlərdə sevginin bitməsi və ya azalması çox vaxt qəfil baş verən bir hadisə deyil, zamanla davam edən sakit və daxili bir prosesdir.
Metbuat.az xəbər verir ki, məşhur psixoterapist Yuliya Qritsenko bununla bağlı fikirlərini bölüşüb. Onun qənaətinə görə, bir çox qadın tərəfdaşının sevgisinin bitdiyini sübut edəcək tək bir cümlə, kəskin bir söz və ya konkret bir davranış axtarışında olur. Lakin real həyatda bu proses əksər hallarda olduqca yavaş və hiss olunmadan irəliləyir. Məhz bu səbəbdən gündəlik ünsiyyətdə baş verən kiçik, lakin sistematik dəyişiklikləri vaxtında fərq etmək böyük əhəmiyyət kəsb edir: “Sevən insan hirslənsə, küssə və ya incisə belə, münasibətin qorunub saxlanması üçün əmək sərf etməyə və bura enerji qoymağa davam edir. Əsl diqqət yetirilməli olan məqam cütlüklər arasındakı mübahisələrin varlığı deyil, tərəflərdən birinin münasibətə qarşı marağını və emosional bağlılığını tamamilə itirməsidir.
Sevginin azalmasının ən bariz və ilk göstəricilərindən biri emosional uzaqlaşmadır ki, bu da cütlüklərin artıq özlərini eyni komandanın üzvləri kimi hiss etməməsi ilə üzə çıxır. İki insan arasında ortaq xəyallar, gələcəyə dair planlar və paylaşımlar tədricən azalmağa başlayır. Birlikdə planlar qurmaq əvəzinə, hər kəs yalnız öz fərdi həyatına, şəxsi istəklərinə fokuslanır. Əvvəllər həftəsonu planları, tətil proqramları və ya gələcək hədəflər birlikdə müzakirə olunub formalaşdırıldığı halda, artıq kişi öz gələcəyini qarşı tərəfi tamamilə nəzərə almadan, onu bu planlara daxil etmədən təkbaşına şəkilləndirməyə üstünlük verir”.
Psixoloqa görə, digər bir ciddi siqnal isə kişinin birlikdə zaman keçirməkdən açıq şəkildə qaçmasıdır. Emosional məsafə artdıqca, tərəfdaşların bir-birinə ayırdığı müştərək vaxt minimuma enir: “Kişi partnyoru ilə eyni məkanda olmaqdansa, iş yerində daha çox qalmağı seçir, dostları ilə görüşlərə daha çox önəm verir və ya evdə olduğu anlarda belə saatlarla telefon, kompüter arxasında vaxt keçirir. Bu cür davranışlar birlikdə olmaq, paylaşmaq istəyinin getdikcə zəiflədiyini və emosional bağların qırıldığını göstərən ən fundamental xəbərdarlıq nişanələrindən hesab olunur. Qısaca desək bir kişinin dilindən tez-tez eşidilən "Nə edirsən et, vecimə deyil", "Heç nə eşitmək istəmirəm, məni rahat burax", "Bunların hamısını özündən uydurursan" və ya "Bu sənin problemindir" kimi cümlələr münasibətdəki qayğıkeşliyin yerini tamamilə etinasızlığa buraxdığını və duyğusal bağların qırıldığını açıq şəkildə ortaya qoyur”.