Aeroport tikmək üçün 5 dağın zirvəsini kəsdilər
Çinin Hubey əyalətində yerləşən Şennonqtsya qoruq zonasında həyata keçirilən nəhəng mühəndislik layihəsi diqqət çəkib. Ərazidə düzənlik olmadığından hava limanının tikintisi üçün beş dağın zirvəsi dinamitlərlə partladılaraq hamarlanıb.
Metbuat.az xəbər verir ki, dəniz səviyyəsindən 2580 metr yüksəklikdə yerləşən "Şennonqtsya Xonpin" hava limanının uçuş-enmə zolağı milyonlarla kubmetr qaya və torpaq kütləsinin dərələrə doldurulması nəticəsində yaradılmış süni plato üzərində salınıb.
Ətrafı yüzlərlə metr dərinliyində uçurumlarla əhatə olunan hava limanı buludların üzərində üzən nəhəng təyyarədaşıyan gəmini xatırladır və özünəməxsus görünüşü ilə seçilir.
UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Şennonqtsya bölgəsinə avtomobillə səfər saatlarla vaxt apardığından, hava limanı nəqliyyat əlaqələrini asanlaşdırmaq və turizm potensialını artırmaq məqsədilə inşa olunub.
Mütəxəssislərin fikrincə, bu layihə həm tikinti mürəkkəbliyi, həm də ayrılan maliyyə vəsaiti baxımından Çinin ən iddialı hava limanı layihələrindən biri hesab edilir.