"Beşiktaş" azarkeşinə sürpriz
“Beşiktaş”ın “Qalatasaray”la derbi matçında nümayiş etdirdiyi koreoqrafiya sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Koreoqrafiyada yer alan azarkeş Osman Çifçi həmin anla bağlı paylaşım edib.
Metbuat.az-ın məlumatına görə, o, illər əvvəl İngiltərədə yaşanan hadisəni xatırladıb.
O.Çifçi bildirib ki, fotoda əks olunan həmin an 2007-ci ildə “Liverpul”un “Anfield” stadionunda yaşanıb:
“Şəkildəki bu an 2007-ci ildə “Anfield”də baş verdi. Çempionlar Liqasında “Beşiktaş”ın 8:0 hesablı ağır məğlubiyyətindən sonra belə, mən şərfimi qaldırmış halda orada dayanmışdım. Bu mənim üçün utanc anı deyildi, əksinə, klubuma olan sevgimin və sədaqətimin göstəricisi idi”.
Azarkeş əlavə edib ki, illər sonra həmin an “Beşiktaş” stadionunda xüsusi koreoqrafiya ilə yenidən canlandırılıb.
“Ötən şənbə inanılmaz bir hadisə baş verdi. İllər sonra stadiondakı 40 mindən çox insanın və dünyanın dörd bir yanındakı milyonlarla “Beşiktaş” azarkeşinin qarşısında bu şəkildə ehtiramla yad edilmək məni dərindən təsirləndirdi”.
Sevinc İbrahimzadə / Metbuat.az