Hadisə

Tanınmış alim vəfat etdi -

FOTO

Metbuat.az

Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib.

Mustafa Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.

1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1961-ci ildə həmin fakültənin Riyaziyyat ixtisasını bitirib.

Əmək fəaliyyətinə 1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi başlayan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi çalışıb.

O, 1975-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor seçilib. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışıb.

Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodik göstəriş və dərs proqramının müəllifi idi. Onun pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.

Mustafa Qarayev ailəli idi, dörd övladı var.