Xocəsənin mərkəzində piyada səkisi niyə yoxdur? -
VİDEO
Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 103 nömrəli məktəbə aparan yolda piyada səkilərinin və keçidinin olmaması ciddi narahatlıq doğurur. Nəqliyyat axınının çox olduğu bu yolda piyadalar avtomobillərlə eyni hərəkət zolağında irəliləmək məcburiyyətində qalır. Belə vəziyyət həm gündəlik hərəkəti çətinləşdirir, həm də ağır nəticələri olan yol-nəqliyyat hadisələrinə səbəb olur.
Məsələ ilə bağlı Xocəsən bələdiyyəsinin komissiya sədri Şakir Niftiyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdəki ərazi Çingiz Xan küçəsidir:
“Həmin ərazidə yolun bir tərəfindən digər tərəfinə keçmək üçün yerüstü piyada keçidi mövcuddur. Lakin piyada yolu ilə bağlı problem asfaltlama işləri zamanı yaranıb. Həmin yolun çəkilişinə vaxtilə Avtomobil Yolları Dövlət Agentliyi məsul olub və işləri də onlar aparıblar”.
Bələdiyyə nümayəndəsi qeyd edib ki, aidiyyəti qurumlara məsələ ilə bağlı rəsmi müraciət hazırlanacaq.
Sevinc İbrahimzadə / Metbuat.az