Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb - FOTO
Bakı Media Mərkəzinin istehsalı olan "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb.
Milli.Az bildirir ki, Bakı Media Mərkəzindən Trend-ə verilən məlumata görə, "Oralar" verilişi birinci yerin mükafatını yeni orijinal formatı və peşəkar təqdimatına görə qazanıb.
Zaqreb Festivalı Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin üzvüdür və bu sahədə ən nüfuzlu tədbirlərdən biri sayılır. Festival hər il Xorvatiya Prezidentinin himayəsi altında keçirilir. Bu il festivala 91 ölkədən 807 iş təqdim olunub
Bakı Media Mərkəzinin istehsal etdiyi "Oralar" verilişi dünyanın ən məşhur şəhərlərindən bəhs edir. Həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir.
Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqlarla aparılır. Yeni formatda olan "Oralar"ın üç aparıcısı var və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxırlar.
"Oralar" verilişi hər bazar günü saat 12:15-də ATV kanalında yayımlanır. Tamaşaçılar verilişi, həmçinin "Oralar"ın Facebook səhifəsində və Youtube kanalında da izləyə bilirlər.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, Linkedin, Instagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
Milli.Az