Azərbaycanlı teleaparıcı şəxsi həyatından danışdı: "Paltarımı geyinib evdən çıxanda ilk onunla məsləhətləşirəm" - FOTO
Teleaparıcı Vüsalə Kərimovanın Milli.Az-a müsahibəsi.
- Vüsalə xanım, uzun illər xəbər aparıcısı olsanız da, bir neçə ildir ki, şou tipli verilişlərə aparıcılıq edirsiniz. Bu sizə necə təsir bağışlayır?
- Mənim həm şoudan, həm də ictimai-siyasi məsələlərdən başım çıxdığına görə bu mənim üçün çox asandır. Çünki tale elə gətirdi ki, xəbərlərdən sonra şou istiqamətində çalışdım. Belə ki, radiolardan birinə rəhbərlik etdim. Bu müddət ərzində artıq mən şounun içərisində idim. Daha sonra sosial mövzuları şoulaşdırmaq mənim üçün bir içim su oldu.
- Rəhbər olmaq yaxşıdır yoxsa teleaparıcı?
- Əslində mən rəhbər olanda da aparıcı idim. Heç vaxt mikrofonumu əlimdən yerə qoymamışam. Çünki hesab etmişəm ki, rəhbərlik deyilən bir iş bitə bilər, amma mənim sual vermək qabiliyyətim, mikrofonum bir ömür mənimlə davam edə bilər.
- Hansı iş əlinizdən gəlməz?
- Mən hansısa işin qulpundan yapışsam o işin öhdəsindən gələcəyəm. Buna adım qədər əminəm.
- Bir işə girməzdən öncə kiminlə məsləhətləşirsiniz?
- Əslində özüm-özümlə 100 ölçüb, 1 biçməyi çox sevirəm. Həyatda insanı özü qədər başa düşən ikinci varlıq yoxdur. Ətrafımda məsləhətlərini dinlədiyim dostlarım olsa da son qərarı özüm verirəm.
- Verdiyiniz qərardan peşiman olmusunuz?
- Desəm ki, peşman olmamışam yalan olar. Çox az hallarda peşiman olmuşam. İnsan səhvləri ilə böyüyür. Mənim də bu gün səhv adlandırdığım çox hərəkətlərim olub. Bir neçə il olar ki, mən artıq "heç vaxt" sözünü demirəm. Əvvəllər bu sözü çox işlədirdim. Heç vaxt dediklərim həyatımda çox oldu.
- Tamaşaçılar sizin haqqınızda nələri bilmirlər?
- Mənə elə gəlir ki, açıqsözlü adamam, ona görə də mənim haqqımda hər şeyi bilirlər. Bəzi hallarda isə öz yorumları ilə ictimailəşdirirlər. Kim nə cür görmək istəyirsə, o cür də görəcək.
- Dostluqda sadiqsiniz?
- Dostluqda çox möhkəməm. Mənim barmaqla sayıla biləcək qədər dostlarım var.
- Televiziyada olan dostluqlar bir o qədər də etibarlı sayılmır.
- Bəli, düz qeyd etdiniz. Belə bir söz var, mən onu həmişə işlədirəm: "Efir, üfür deyirlər". Bu gün efirdə varsansa varsan, yoxsansa səni toz kimi üfürərlər.
- Olduğunuz yerdən razısınız?
- Bəli, çox razıyam. İstədiyim, arzuladığım yerdəyəm. Nə mən bundan yuxarını istəmirəm, nə də aşağını.
- Vüsalə Kərimova üçün ən böyük xoşbəxtlik nədir?
- Mən son illərdə başa düşmüşəm ki, insan üçün ən böyük xoşbəxtlik övladının əldə etdiyi uğurlardır. Oğlum universitetə daxil olmağı ilə məni sevindirdi. Onun əldə etdiyi uğurlardan böyük xoşbəxtlik görə bilmirəm.
- Efir həyatınızı oğlunuzla müzakirə edirsiniz?
- Bəli, müzakirə edirik. Balaca vaxtı daha çox müzakirə edirdik, bir də görürdüm ki, efirdə geyindiyim hansısa kostyum xoşuna gəlməyib. Evə gələn kimi deyirdi ki, ana bu kostyum sənə yaraşmır. Günü bu gün də paltarımı geyinib evdən çıxanda ilk növbədə oğlumun fikirlərini soruşuram.
Əli Novruzəliyev
Milli.Az