Mədəniyyət

Rusiya baletinin əfsanəsi Bakıda

Metbuat.az

Rusiyanın tanınmış balet mütəxəssisi, Rusiyanın Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin Ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Vladimiroviç Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.

Milli.Az xəbər verir ki, Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində "Qu gölü", "Yatmış gözəl", "Jizel", "Raymonda", "Korsar", "Şopeniana", "Don Kixot", "İvan Qroznı", "Spartak", "Karmen-süita", "Qızıl əsr", "Romeo və Cülyetta",  "Anyuta",  "Parisdə sonuncu tango" və s. baletlərdə çıxış edib.

O karyerası boyu SSRİ Xalq artistləri Q.Ulanova, M.Plisetskaya, N.Fadeyev, M.Lavrovski, B.Akimov, A.Messerer və s. görkəmli pedaqoq və baletmeysterlərlə çalışmış və əldə etdiyi təcrübəni pedaqoji fəaliyyəti ərzində reallaşdırıb.

Oktyabrın 1-dın 31-nə kimi Bakıya dəvət olunan  Peretokin balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşalarında onların ustalığının cilalanmasında yardım edəcəkdir.

Milli.Az