Sosial

Zığ şosesindəki binanın yanma səbəbləri və dəymiş ziyan dəqiqləşməyib - REPORTAJ

Metbuat.az

Bakı. 13 aprel. REPORt.AZ/ Zığ şosesi, 16 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasında baş verən yanğının səbəbləri və sakinlərə dəyən ziyan hələ ki, dəqiqləşməyib.  "Report" un əməkdaşları yanğının baş verdiyi binada olub, sakinlərin durumu ilə maraqlanıblar.


Zəngilandan olan məcburi köçkün Əvəz Əliyev bildirib ki, məskunlaşdıqları binanın fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar qəfildən yanmağa başlayıb. Onun sözlərinə görə, 107 mənzilli binada 408 nəfər sakin yaşayırdı və onların hamısı təxliyyə edilib: "Binadan köçürülən bütün ailələrə müvəqqəti kirayədə yaşamaq üçün dövlət 500 manat vəsait ödəyib. Düzdür, biz bilmirik neçə ay kirayədə qalacağıq və bu vəsait hər ay bizə ödəniləcək ya yox, amma hər halda dövlət qurumları bizim problemlərimizlə mütamadi maraqlanırlar". 


1986-cı ildən bu binada yaşayan Fərrux Səmədov isə bildirib ki, dövlət qurumları operativ işləyirlər və ziyan dəymiş ailələrə tez-tez baş çəkirlər. "Əhalinin ehtiyacını təmin edirlər. Yanğının fəsadlarının və dəymiş ziyanın aradan qaldırılması üçün iş gedir. Dövlət binanın  bütün sakinlərinin problemləri diqqət mərkəzində saxlayır".


Binanın sakinləri isə kirayə ev tapa bilməməkdən gileylənirlər. Onların sözlərinə görə daşınmaz əmlakın alqı-satqısı və kirayəsi ilə məşqul olanların bəziləri sakinlərə dövlətin 500 manat ödəməsindən xəbər tutduqdan sonra evin kirayə qiymətlərini bahalaşdırıblar və 500-550 manat ediblər. Sakin Qalib Quliyev deyib ki, hazırda ailəsi ilə krayədə yaşayır və əvvəl kirayə haqqı 300-350 manat olan evi 500 manata tanışlıqla əldə edib.


Binanın digər bir sakini Habil İsmayılov isə gələcəkdə üzləşəcəkləri problemlərdən narahat olduğunu söyləyib: "Evim bütün əşyaları ilə birlikdə yanıb külə dönüb. Ailə üzvlərim başqalarının evində qalır. Dövlət tərəfindən 500 manat verilsə də kirayə ev tapa bilmirik. Hələ bilmək olmaz bu 500 manatı da bizə nə vaxta qədər verəcəklər. İndi qayğı göstərrilər, problemlərimizi diqqət mərkəzində saxlayırlar, mütəmadi olaraq dövlət qurumlarının nümayəndələri bizə baş çəkirlə, amma bir aydan sonra başımıza nə gələcək onu bilmirik". H. İsmayılov qeyd edib ki, yanğın zamanı evdə olan 4000 manat pul və qızıl zinət əşyaları yanıb: "Yanğın başlayan kimi birinci uşaqları götürüb həyətə qaçdım. Sonradan pulumu götürmək üçün evə qalxmaq istəsəm də binanı mühafizə edən polislər buna imkan vermədilər. Sonradan evə qalxanda gördüm ki, bütün əşyalar külə dönübi".


Yanan binanın sakinləri mətbuatdan da narazılıq ediblər. Zülfiyə İsmayılova deyib ki, televiziyalar binada iki mənzilin yanması barədə məlumat veriblər:"Mən oğlum üçün toy eləmişəm, evə gəlin gətirmişəm. Gəlinimin bütün cehizləri yanıb külə dönüb. Amma bizi narahat edən isə bəzi televiziyalarda verilən yalan məlumatlardır. Məlumat verilir ki, iki mənzil yanıb, axı burda iki mənzil yanmayıb, niyə yalan məlumat verirlər? Yanğından sonra üstümüz hiss pas içində qohumumuzun evinə gedirdik. Hamı bizə kənardan baxıb gülürdü, kimisi sədəqə vermək istəyirdi. Axır dözməyib dilə gəldim,dedim biz nə qaraçıyıq nə də dilənçi. Sadəcə evimiz yanıb deyə bu vəziyyətə düşmüşük. İndi də qohumumuzun evinə gedirik bu sözü deyəndən sonra hamı gəldi üzr istədi"


Qeyd edək ki, Zığ şosesi, 16 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası aprelin 11-də axşam saatlarında yanıb. İlk olaraq fasadın üzlənməsi üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. Sonrada alov mənzillərə keçib və sakinlər təxliyə olunub.