Mədəniyyət

Yüzlərlə kinosevərin gözlədiyi “100 kağız”

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Bu gün Azərbaycan teleməkanında bir-birindən fərqli milli seriyalların boy verdiyi bir vaxtda, ölkə kinoteatrlarında da qala–gecəsi keçirilən filmlərin sayı xeyli artıb. Kinoteatrlarda təqdimatları keçirilən bir-birindən maraqlı bu filmlər Azərbaycan kino tarixinin yeni dövrünün formalaşmasından xəbər verir.


Belə ekran əsərlərindən biri də aprelin 7-də geniş auditoriyaya təqdim olunacaq “100 kağız” filmidir. Artıq yaradıcı heyət həmin günü səbirsizliklə gözləyir. Belə bir ərəfədə

AZƏRTAC

-ın müxbiri filmin rejissoru Şahin Zəkizadə ilə görüşüb söhbət edib.


Rejissor ekran əsəri ilə bağlı fikirlərini bölüşərək deyib: “ Filmin ideyası 14 il əvvəl yaranıb. Ekran əsərində baş verən hadisələr bu günümüzlə səsləşir. Film tragikomediya janrındadır. Aktyor seçimini “Frends Films Production” şirkətinin yaradıcı qrupu ilə birlikdə etmişəm. Çəkilişləri Bakıda və Şamaxıda aparılan bu film qısa bir vaxtda araya-ərsəyə gəlib. Kinoda artıq sənətdə öz sözünü demiş komediya ustalarımız yer alıb. Ümumilikdə “100 kağız”da 50-dən çox aktyor bir araya gəlib. Filmi bir yaradıcı komandanın mükəmməl işi saymaq olar. “Frends Films Production” şirkəti ümumiyyətlə Azərbaycanda yerli filmlərin istehsalı ilə məşğuldur. “100 kağız” filmindən sonra “Əhməd haradadır?” kinokomediyasının remeykinin iş prosesi başlayır”.


Filmin süjet xəttindən söz açan rejissor bildirib ki, ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.


Rejissorun fikrincə bu filim komediyadan daha çox tragikomediyadır. Finalında gülüş deyil, göz yaşları var. Filmdə bir ideya, xətt var və bütün qurulan süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən mükəmməl bir komediyadır. Rol alan aktyorların da çoxu buna görə çəkilməyə razılıq verib. Ekran əsərində baş qəhrəman yoxdur, baş qəhrəman məcazi mənada 100 manatlıq əsginasdır.


Yaradıcı heyətlə aparılan iş birliyindən danışan Ş. Zəkizadənin sözlərinə görə filmdə çəkilən hər bir aktyor, aktrisa ilə dəfələrlə danışıqlar aparılıb. “Treylerə də baxanda görürsünüz ki, keyfiyyətli bir işdir və bu iş maliyyəsiz başa gələ bilməzdi. Əlbəttə ki, aktyorları qane edəcək qonorar verə bilmədik. Onlar bizə yardım ediblər, çünki bu mənim birinci filmimdir və bizim aramızda dostluq münasibəti var. Filmə qoyulan vəsait yalnız aktyorların qonorarı ilə kifayətlənmir, burada texnikadan, qrafik keçidlərdən istifadə edilib. Bu filmdə dünyada mövcud olan müasir kino üslublarının çoxuna müraciət etmişik”,-deyə rejissor vurğulayıb.


“100 kağız”ın kinosevərlər tərəfindən seviləcəyinə əminliyini ifadə edən həmsöhbətim onu da bildirdi ki, görülən işə, çəkilən zəhmətə ən yaxşı qiyməti tamaşaçılar verəcək.


Qeyd edək ki, filmin baş prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri Aqil Adiloğlu, quruluş və geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodır.


Ekran əsrində əsas rolları xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov və başqaları canlandırıblar.


Aprelin 4-də Nizami Kino Mərkəzində filimin yaradıcı heyətinin iştirakı ilə KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.


Tamaşaçılar filmə aprelin 9-dan etibarən Bakının bütün kinoteatrlarında baxa biləcəklər.