Yəmənin Taiz əyalətindəki döyüşlərdə 20-dən çox husi üsyançısı öldürülüb
Bakı, 15 aprel,
AZƏRTACAprelin 15-də Yəmənin Taiz əyalətində gedən döyüşlərdə husi-şiə üsyançılarının 20-dən artıq döyüşçüsü öldürülüb.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, silahlı toqquşmalar əyalətin inzibati mərkəzi olan Taiz şəhərinin yaxınlığında baş verib. Taizə hücuma keçən husilər indiyədək şəhərin bəzi məhəllələrini əllərində saxlamağa müvəffəq olan prezident Abd Rabbo Mənsur Hadi tərəfdarlarından ibarət 5-ci ordu briqadasının güclü müqaviməti ilə rastlaşıb. Hökumət qüvvələrinin də döyüşlərdə 7 əsgərini itirdiyi bildirilir.
Bundan başqa, daha 10 husi yaraqlısı “ərəb koalisiyasının” üsyançıların dayaq məntəqəsi sayılan Saada əyalətinə endirdikləri hava zərbələri nəticəsində öldürülüb.
Qeyd edək ki, şiə üsyançıları 2014-cü il avqustun ortalarından yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefa verməsini tələb ediblər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunub və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçib.
Paytaxt Sənada nəzarətə yiyələnmiş qiyamçıların təzyiqləri nəticəsində Yəmən Prezidenti Əbd Rabbo Mənsur Hadi istefa verməyə məcbur olub. Bundan sonra paytaxtdan Ədən şəhərinə gedən prezident martın 25-də husilərin bu şəhərə girməsi ilə ölkəni tərk edib. Onun Fars körfəzi ölkələrinə hadisələrə müdaxilə etmək barədə xahişindən sonra martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi hakimiyyətinin bərpasına yönəlmiş “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən Yəməndə hərbi əməliyyatların başladığı gündən aprelin 6-dək 643 nəfər həlak olub, 2226 nəfər isə yaralanıb.