Yarımçıq ömrə yazılmış bütöv bir kitab
Bakı, Zərəngiz Mansurova,
AZƏRTAC“Azərbaycan” nəşriyyatında gənc, istedadlı jurnalist, “Səs” qəzetinin, informasiya agentliyinin və internet televiziyasının əməkdaşı Murad İsmayılzadənin vaxtsız vəfatına həsr edilmiş “ Erkən əsdi ömrün xəzan yelləri” adlı kitabı dərc edilib.
AZƏRTAC
xəbər verir ki, kitabda Vətənə böyük sevgisi olan istedadlı, calışqan, qəlbi böyük arzularla döyünən bir gəncin qısa və dəyərli həyat yolu haqqında həmkarlarının ürək sözləri toplanıb.
Topluda “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, BDU-nun dosenti Hikmət Babaoğlunun, jurnalist dostlarının, həmkarlarının, müəllimlərinin və tələbə dostlarının Murad İsmayılzadə ilə bağlı şirin və kədərli yazıları yer alıb.
Kitabda M. İsmayılzadənin müxtəlif tədbirlərdə çəkilmiş şəkilləri, “Səs” qəzetində dərc olunmuş “Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur”, “Azərbaycan regionun ən sabit ölkəsidir”, “Dağlıq Qarabağ münaqişəsinin həlli bütün dünyanı maraqlandırır”, “Azərbaycan-Avropa əlaqələri inkişaf edir” və s. 30-dan çox publisist məqaləsi dərc edilib.
Kitabın redaktorları-Zümrüd Bayramova, Nəzakət Ələddinqızı, tərtib edəni Zahid İsmayılovdur.
İyirmi iki yaşında həyatdan köçən, istedadlı jurnalist Murad İmayılzadə barədə geniş məlumatların əks olunduğu bu kitab hər bir oxucuya qısa, lakin mənalı bir ömür yaşamış əsl vətənpərvər bir insan haqqında dolğun məlumat verəcək.