“Wiener Stadthalle” arenasında işıqlandırma sistemi quraşdırılır
Bakı, 13 aprel,
AZƏRTAC“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi Vyananın məşhur “Wiener Stadthalle” arenasında “Eurovision-2015” mahnı müsabiqəsinə hazırlıqlar çərçivəsində işıqlandırma sisteminin quraşdırılmasına start verilib.
AZƏRTAC
mahnı müsabiqəsinin rəsmi saytına istinadla xəbər verir ki, Vyananın 15-ci rayonunda yerləşən bu kompleks avstriyalı memar Roland Raynerin layihəsi əsasında 1953-1958-ci illərdə inşa olunub və ümumilikdə 16 min tamaşaçı tutur. Arena 6 zaldan ibarətdir. 1974-cü ildə burada “Stadthallenbad” hovuzu da tikilib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.
İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belə sıralanıb- Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək- Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə reallaşacaq.
Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.