Vilnüsda “Mədəniyyət sərhəd tanımır” layihəsi çərçivəsində konsert
Vilnüs, 17 aprel,
AZƏRTACAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycanın Litvadakı səfirliyinin və bu ölkənin Musiqi və Teatr Akademiyasının təşkilatı dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) tərəfindən “Mədəniyyət sərhəd tanımır” adlı layihə çərçivəsində Vilnüs Musiqi və Teatr Akademiyasında konsert keçirilib.
Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin Litva ictimaiyyətinə çatdırılması, Litva-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfə verməkdir.
Tədbirdə Litvanın təhsil naziri Dainüs Pavalkis, ölkə seyminin üzvləri, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, Litvanın ictimai xadimləri, QHT rəhbərləri, Vilnüs Musiqi və Teatr Akademiyasının rektor, müəllim və tələbə heyəti iştirak edib.
Mərasimdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə qonaqları salamlayaraq, iki ölkə arasında əlaqələrin inkişafında mədəniyyət sahəsinin xüsusi əhəmiyyət rol oynadığını qeyd edib və belə tədbirlərin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Vilnüs Musiqi və Teatr Akademiyasının rektoru tədbirin rəhbərlik etdiyi akademiyanda keçirilməsindən məmnunluğunu ifadə edib və ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb.
Çıxışlardan sonra qonaqlar Litva Musiqi Akademiyasının simfonik orkestrinin ifasında Litva və Azərbaycanın dahi bəstəkarlarının əsərlərini dinləyiblər. Tədbirə iştirak edən, Azərbaycandan dəvət olunmuş gənc pianoçu Etibar Əsədli və vokal ifaçı İlham Nəzərovun ifaları iştirakçılar tərəfindən çox maraqla qarşılanıb.
Sonra tədbir iştirakçıları üçün Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.
Layihə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə reallaşəb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi muxbiri
Vilnüs