Ölkə

“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

Metbuat.az

Bakı, 20 aprel, Xalid Məmmədov,

AZƏRTAC

Aprelin 20-də Milli Məclisin insan hüquqları komitəsinin iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.


AZƏRTAC

xəbər verir ki, komitə sədri Rəbiyyət Aslanova Milli Məclisin plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını və layihənin daha da təkmilləşdirildiyini deyib. O bildirib ki, 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” Qanun tamamilə yenidən işlənib və təkmilləşdirilib.


Qeyd edilib ki, bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. On yeddi maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müraciətlərə baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydası və digər məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunması tələb olunur. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. Layihədə qeyd olunub ki, bu qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.


İclasda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, deputatlar çıxış edərək bildiriblər ki, bu gün ölkədə gedən sürətli inkişaf prosesləri vətəndaşla dövlət arasında daha səmərəli münasibətlərin yaranması üçün yeni qanun layihəsinin hazırlanaraq qəbulunu zəruri edib. Yeni layihənin əhatə dairəsi mövcud qanundan xeyli genişdir.


Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.