"Varlıq" dərgisi yenidən nəşrə başlayır
Bakı. 22 aprel. REPORT.AZ/ Əvvəllər Tehranda Azərbaycan türkcəsi və fars dillərində nəşr olunan "Varlıq" dərgisi bu ilin iyunda yenidən fəaliyyətə başlayır.
Bu haqda jurnalın baş redaktoru Məhəmmədrza Heyət "Report"a bildirib. Onun sözlərinə görə, jurnal bir neçə aylıq fasilədən sonra yenidən dəcr olunacaq: "Rəhmətlik doktor Cavad Heyət belə bir vəziyyətin yaranacağını öncədən bildiyindən mənə dəfələrlə demişdi ki, "Varlıq" dərgisi artıq xalqımıza aid bir məktəbdir. Odur ki, jurnalı yaşatmaq, tutduğu yolu davam etdirmək ən böyük arzumdur. Günün şərtlərinə görə, yayımlanacağı yerdən asılı olmayaraq, bu dərgi keçmişdə olduğu kimi siyasətdən uzaq və mədəni bir jurnal olaraq, nəşr edilməlidir. Çünki bizim əsas hədəfimiz xalqımızın maariflənməsidir".
Onun sözlərinə görə, "Varlıq" yeni dönəmdə də dil, ədəbiyyat, tarix və ictimai məsələlərə ağırlıq verəcək: "Keçmiş redaksiya heyəti ilə yanaşı gənc türkoloq və yazarları da cəlb edəcəyik. Əvvəllər olduğu kim jurnalın bir hissəsi Azərbaycan türkcəsində, bir hissəsi isə farsaca olacaq. Ən azından türk dünyasının hər yerində maraqlananlar üçün ərəb əlifbası ilə yazılan məqalələrin xülasəsi latın əlifbası ilə də veriləcək. Jurnalın keçmiş sayları və yeniləri də dərginin rəsmi saytında yerləşdiriləcək".
Xatırladaq ki, Məhəmmədrza Heyət doktor Cavad Heyətin vəsiyyətinə əsasən baş redaktor olub.