Mədəniyyət

“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalına yekun vurulub

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Aprelin 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalına yekun vurulub.


AZƏRTAC

xəbər verir ki, festivalın sonuncu günündə qaliblər mükafatlandırılıb və laureatların konserti təqdim edilib.


Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, professor Yeganə Axundova dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilmiş festivalın uğurla həyata keçirildiyini vurğulayıb. Sonra festivalın münsiflər heyətini təqdim edib.


Layihə müəllifi, BMA-nın nəzdindəki məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov olan bu festivalın bütün nominasiyalar üzrə münsiflər heyətinin sərdi akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəylidir.


Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və digər tanınmış musiqiçi və ifaçılar daxildir.


Sonra qaliblər mükafatlandırılıb. Festivalın xor, fortepiano, xalq çalğı alətləri, bəstəkarlıq, vokal nominasiyalarında laureatlar və diplomantlar təltif olunublar.


Ramiz Quliyev və Zemfira Qafarova qalibləri təbrik edərək, festivalda qalib gəlməyin böyük xoşbəxtlik olduğunu söyləyiblər. Bildirilib ki, bu festivalın keçirilməsində məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir.


Qeyd olunub ki, festivalda Bakı ilə yanaşı, Gəncə, Ağdaş, Ağsu, Ağdam, Şəki, Balakən və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı iştirak edib.


Daha sonra tədbir laureatların çıxışlarından ibarət konsert proqramı ilə davam edib.