Universitetdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat
Bakı, 3 aprel, Tərgül Ağayeva,
AZƏRTAC
Aprelin 3-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, ATMU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bu təqdimatın ilk dəfə ATMU-da keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran rektor bildirib ki, həmin forumda universitetin tələbləri fəal iştirak ediblər.
Qeyd olunub ki, bu il mayın 18-19-da Bakıda beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu təsdiqləyən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaş olduğu forumda ümumilikdə bütün qitələrdən 800-dək nümayəndənin iştirakı nəzərdə tutulur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə forumun prioritetləri və Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesi barədə təqdimatla çıxış edib.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.