Ümumrusiya Xalq və Dekorativ Tətbiqi Sənəti Muzeyinin nümayəndə heyəti Azərbaycan Xalça Muzeyində olub
Bakı, 15 aprel,
AZƏRTACAzərbaycan Xalça Muzeyinin əsas məqsədi milli irsin ən vacib tərkib hissəsi olan Azərbaycan xalça sənətinin ən nadir nümunələrinin və toxuma texnologiyalarının qorunması, öyrənilməsi, interpretasiyası, həmçinin onların müasir mədəniyyətə qoşulmasından ibarətdir.
Xalça tək milli deyil, həm də ümumbəşəri irsin elementi olduğundan, muzey Azərbaycan xalçasının öyrənilməsi istiqamətində fəaliyyət göstərən xarici ölkələrin mütəxəssisləri, muzeyləri və digər təşkilatları ilə tərəfdaşlıq edərək, elmi tədqiqat işi, təcrübə, birgə sərgi layihələrinin hazırlanması, metodiki ədəbiyyatların mübadiləsi və sair sahələri əhatə edən müqavilələr imzalanıb.
AZƏRTAC
xəbər verir ki, bu məqsədlə aprelin 15-də Ümumrusiya Xalq və Dekorativ Tətbiqi Sənəti Muzeyinin (ÜXDTSM) direktoru Yelena Titova və həmin muzeyin baş məsləhətçisi Qalina Andreyeva Azərbaycan Xalça Muzeyində olublar.
Qonaqlar muzeyin zalları ilə tanış edilib, onlara bu mədəniyyət ocağının fəaliyyəti və strukturu haqqında məlumat verilib. Qonaqlar, həmçinin muzeyin fondunda da olublar.
Sonra Xalça Muzeyinin direktoru Röya Tağıyeva ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ÜXDTSM-nin kolleksiyalarında Azərbaycan xalçaları da qorunur. Bu muzeylə əməkdaşlıq Azərbaycan Xalça Muzeyinin xarici ölkələrin kolleksiyalarında olan Azərbaycan xalçalarının öyrənilməsi istiqamətində apardıqları işi daha da inkişaf etdirməyə kömək edəcək.