TQDK SOCAR-ın təqaüd proqramı üzrə müsabiqə keçirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci il aprelin 19-da Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir. Qurumdan Lent.az-a verilən məlumata görə, imtahan Bakı Dövlət Universitetinin binasında, saat 11:00-da başlanır.
Qeyd edək ki, qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb. Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunur. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilir. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Qeyd edək ki, SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.