Tariflərin artırılması Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinə təsir etməyəcək
Bakı, 4 aprel, Nihat Budaqov,
AZƏRTACTariflərin gözlənilən artırılması Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinə təsir etməyəcək.
AZƏRTAC
xəbər verir ki, “Transneft” şirkətinin Bakı-Novorossiysk kəməri ilə neftin nəqli tariflərinin 30 faiz artırılması ilə bağlı Rusiya Federal Tarif Şurasına müraciətinə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, hazırda Bakı-Novorossiysk kəməri ilə neft kommersiya şərtləri əsasında nəql edilir. Əvvəllər isə həmin kəmər ilə neft Rusiya və Azərbaycan arasında imzalanan Hökumətlərarası Saziş əsasında nəql olunurdu. Hazırda neft kommersiya şərtləri ilə dövlətlərarası şərtlərdən daha ucuz qiymətə nəql olunur. Rusiya rublunun devalvasiyası qiyməti çox sərfəli edib. Daha öncələrə nisbətən neftin nəqli iki dəfə ucuz başa gəlir.
“Prezident İlham Əliyevin strateji mövqeyinə əsasən bu xətt ilə neftin nəqli daim olmalıdır. Bizim diversifikasiya olunmuş neft kəmərlərimiz var. Bu o deməkdir ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün heç bir problem yoxdur”, – deyə SOCAR-ın prezidenti bildirib.
Qeyd edək ki, Rusiya Federal Tarif Şurası tariflərin artırılmasına aprelin 7-də baxacaq.