İqtisadiyyat

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzinin 54 müdavimi təlim kursuna cəlb olunub

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsinin Qobustan Regional Təlim Mərkəzinin 54 müdavimi Beynəlxalq Dəniz Təşkilatının (IMO) A.891 saylı qətnaməsinin tələblərinə uyğun olaraq dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzində “Stasionar dəniz platformalarının və üzən qazıma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursuna cəlb olunub.


SOCAR-ın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, təlim kursunun nəzəri hissəsi əyani vəsaitlərlə təmin olunmuş sinifdə, praktiki hissəsi isə real dəniz şəraitinə uyğun - süni dalğa, külək, yağış, səs effekti yaradan qurğularla təmin olunmuş hovuz təlim kompleksində və təlim poliqonunda keçirilir. Praktiki məşğələlər zamanı şagirdlər suya hündürlükdən təhlükəsiz tullanmağı, helikopter bucurqadı ilə insanların sudan xilas olunmasını, sudan xilasedici sala daxil olma qaydasını, çevrilmiş xilasedici salın ilkin vəziyyətə gətirilməsini, xilasedici qayıqların suya endirilməsi və sudan qaldırılması qaydalarını, təxliyə olunmanı, əyani olaraq şərti yanğınların söndürülməsini, nəfəs aparatları ilə “Tüstü labirinti”nə daxil olaraq xəsarət alanların axtarışını və təxliyə edilməsini, sahildən 250 metr məsafədə estakadada yerləşən xilasedici bloklar üzərində yerləşən xilasedici qayıqlarla təxliyə olunmanı, əyani olaraq pirotexniki vasitələrin istifadə qaydalarını öyrənirlər.


Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən təlim kursunu müvəffəqiyyətlə bitirən müdavimlərə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınan sertifikatlar təqdim ediləcək.