Mədəniyyət

Şərq musiqisinin incisi

Metbuat.az

Bakı, 12 aprel, Zərəngiz Mansurova,

AZƏRTAC

Aprelin 12-də təkcə Azərbaycanın deyil, Yaxın və Orta Şərqin görkəmli xanəndəsi Seyid Şuşinskinin (Mir Möhsün Ağa Seyid) anadan olmasının 126-cı ildönümü tamam olur.


AZƏRTAC

xəbər verir ki, S.Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər.


Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edərmiş.


İlk təhsilini mədrəsədə alan Seyid dini mərasimlərdə və xalq şənliklərində çıxış edib. Onun peşəkar xanəndə kimi tanınmasında Azərbaycan musiqi sənətinin beşiyi sayılan Şuşa mühitinin həlledici rolu olub.


Nadir və gözəl səsə malik S.Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, S.Şusinskini Şərq musiqisinin incisi adlandırıb.


Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta məşhur xanəndələri heyran qoyurdu.


S.Şuşinski mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyub, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayıb.


Xanəndə həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyarmış. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli və Seyid Əzim Şirvaninin qəzəlləri ilə yanaşı, Hüseyn Cavid və Mirzə Ələkbər Sabirin şerlərinə də müraciət edib.


Muğam ustası 1911-ci ilədək Şuşada yaşayıb. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla (böyük bəstəkar Fikrət Əmirovun atası) tanış olur. O, Şuşinskinin ifasını bəyənir və onu özü ilə Gəncəyə gətirir. “Ağa” gəncəlilərin də sevimlisinə çevrilib, o qədər məşhurlaşıb ki, onu o zamanlar daha çox azərbaycanlıların yaşadığı Tiflisə çağırıblar. Tiflis həmin illər Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək 1919-cu ilədək orada yaşayıb. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılıb, teatrlara gedib, tamaşalararası fasilələrdə konsertlər verib.


O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisinə çevrilib, Yaxın və Orta Şərqdə şöhrət tapıb. Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edib. “Molla Nəsrəddin”in bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərib.


Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə S.Şuşinski musiqi təhsil ocaqlarında muğam dərsləri deyib, gənc nəslə muğamın sirlərini öyrədib. Görkəmli bəstəkarımız Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazarkən S.Şuşinskinin məsləhətlərindən bəhrələnib.


Zəngin yaradıcılıq yolu keçən, Qarabağ xanəndəlik məktəbinin tanınmış simalarından biri olan S.Şuşinski musiqi xadimi, pedaqoq, xalq artisti, əməkdar müəllim kimi milli musiqi mədəniyyətimizin inkişafında çox böyük rol oynayıb. Görkəmli xanəndə 1965-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.