“Səni içimdən tərk edirəm” kitabının “İmza günü” keçirilib
Bakı, 11aprel, Zərəngiz Mansurova,
AZƏRTACAprelin 11-də “Kitabevim.az” mağazalar şəbəkəsində Türkiyənin məşhur gənc yazıçısı Kahraman Tazeoğlu ilə görüşü keçirilib.
AZƏRTAC
xəbər verir, ki, görüşdə yazıçının “Bukre” romanı və "Səni içimdən tərk edirəm" şeir kitablarının “İmza günü” olub.
Tədbirdə “Hədəf” nəşrlər evinin əməkdaşı Şamil Sadıqov bildirib ki, türkiyəli yazar təmsil etdiyi qurumun dəvəti ilə Bakıya gəlib. Məqsəd iki qardaş xalq arasında mənəvi əlaqələrin genişləndirilməsidir.
Vurğulanıb ki, Kahraman Tazeoğlunun “Bukre” və “Səni içimdən tərk edirəm” şeir kitabları “XAN” nəşriyyatında Azərbaycan dilinə çevrilərək çap olunub. Bu, yazıçının Bakıda nəşr edilən ilk kitabıdır.
Bildirilib ki, Kahraman Tazeoğlu 1969-cu ilin avqustun 10-da Türkiyənin İstanbul şəhərində anadan olub. Əmək fəaliyyətinə radioda aparıcı kimi başlayan Kahraman Tazeoğlu 2001-ci ildən bədii-yaradıcılığa başlayıb. Bu günə kimi “Səni içimdən tərk edirəm” , “Ölü bir kəndin morq əlifbası” , “Mavi ada məktubları” , “Dustaq məktublar” , “Araz”, “Susacak ev” , “Mavi ev” , “Məni susarkən bölmə” , “Başqa” , “Eyvallah” , “İtmiş yüzilin şahzadəsi” , “Bambaşqa” kimi kitabların müəllifidir.
Tədbirdə çıxış edən K.Tazeoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.
Qeyd edək ki, səfər çərçivəsində K.Tazeoğlunun şeir gecəsi və gənc yazıçılarla görüşü də təşkil ediləcək.