Salyanda qara kürü və balıq kəskin ucuzlaşdı - FOTO
Salyan və Neftçala rayonlarında balığın qiyməti son günlər ərzində kəskin düşüb.
Virtualaz.org
saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, bazarlarda 15 gün əvvəl 1 kilosu 15 manata satılan ziyad balıqlarını bu gün 3-4 manata təklif edirlər.
Xırda külüm (vobla) balıqlarının 1 kilosu 1-2 manata, çəkinin 1 kilosu 4-5 manata, şahmayının 1 ədədi 50-60 qəpiyə (əvvəl 1 manat 20 qəpik idi), ilan balığının bir ədədi 40 qəpiyə (əvvəl 1,5-2 manat idi) təklif olunur. Bu da balıq məhsullarına ənənəvi olaraq üstünlük verən yerli əhalinin işinə yarayıb. Yerli sakinlər yayda balığın qıt olacağını nəzərə alaraq indi dəyərindən xeyli ucuz satılan balıqları alıb duzlayırlar.
Yerli balıqçıların sözlərinə görə, balığın belə kəskin ucuzlaşması onun bolluğu ilə əlaqədardır. Belə ki, indi balıqların artım üçün kürütökmə mövsümüdür. Balıqlar kürü tökmək üçün adətən şirin su hövzələrini seçir. İlin bu vaxtında dənizdən Xəzərə tökülən kanallara və Kür çayına balıq axını başlayır.
Bu bolluq “qara bazar”a da təsirsiz ötüşməyib. Belə ki, bayramqabağı hər kəsin yaxın düşə bilmədiyi - “qara bazar”da 1 kilosu 80 manata satılan nərə cinsli balıqlar indi 50 manata düşüb. Əvvəl kilosu 2500 manata satılan qara kürü isə indi keyfiyyətindən asılı olaraq 1200-1800 manata təklif edilir.
Milli.Az