Saç əkdirənlərin sayı artıb (VİDEO)
Müasir dövrdə saç tökülməsi günün ən aktual problemlərindən biridir.
ANS TV-nin məlumatına görə, stress, vitamin çatışmazlığı, düzgün qidalanmama, irsi amillər və ekoloji mühit saç tökülməsinə səbəb olan mühüm amillər sırasındadır. Bütün bu faktorlar isə hormonlarda toksiki pozuntulara gətirib çıxarır. Tük kökü ətrafında qidalanma zəifləyərək normal saçlar getdikcə nazikləşməyə başlayır. Son mərhələdə isə tökülərək keçəllik yaradır. Bu isə insanlarda bəzi psixoloji sarsıntılar yarada bilir.
Psixoloq Elmir Əkbər deyir ki, saç strest nəticəsində tökülür. Amma saçın tökülməsi özü də insanda stess yaradır.
Bəzi insanlar problemdən çıxış yolu kimi saç əkilməsi kimi estetik əməliyyata müraciət edirlər. Keçəlləşməyə daha çox kişilərdə rast gəlindiyi üçün güclü cinsin nümayəndələrinin həmin əməliyyata meyli qadınlara nisbətən çoxdur. Bu əməliyyat asan olmasına baxmayaraq vaxt və səbr tələb edir. Məhdud keyləşdirmə yolu ilə başın arxa hissəsindən saç alınaraq saçsız hissələrə paylanılır. Pasientin nəticədən razı qalması üçün əkim əməliyyatının 2 və ya 3 seans davam etdirilməsi lazımdır. Seanslar arasında isə ən az 6 ay müddətin olması məsləhətlidir.
Plastik cərrha Vüqar Ələkbərov bildiridi ki, saçın əkilməsi saç köklərinin miqdarından asılıdır. Tam keçəlləşmiş saç dərisinə 8-10 minə yaxın saç əkimi ola bilər. Bu əməliyyat isə 5-6 saat çəkir.
Əməliyyatdan öncə pasientin sağlamlıq durumu ciddi şəkildə analiz edilməlidir. Məsələn, diabetə meylli insanlarda saçı tək-tək əkmək düzgün sayılmır. Çünki belə adamlarda yara gec sağaldığı üçün infeksiya riskini artrmış olur. Odur ki, sağlamlığınızı gözəlliyinizə qurban verməyin.
ANS-TV-Aytən Novruzova