Rusiyanın embarqosuna görə alman fermerləri ötən il təxminən 600 milyon avro itiriblər
Bakı, 11 aprel,
AZƏRTACRusiyanın Qərbin sanksiyalarına cavab olaraq Avropanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi embarqo alman fermerlərinin yüz milyonlarla avro itirməsinə səbəb olub. Bu barədə Almaniya Fermerlər İttifaqının başçısı Yoahim Rukvid məlumat verib.
AZƏRTAC
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təkcə 2014-cü il ərzində Rusiyanın tətbiq etdiyi embarqo səbəbindən alman fermerlərinin təxminən 600 milyon avro itirdiyini deyən Y.Rukvid bu məhdudiyyətlərdən ən çox Almaniyanın süd və ət məhsulları sahəsinin zərər çəkdiyini vurğulayıb.
Fermerlər ittifaqı embarqo nəticəsində AFR-də südün litrinin qiymətinin 3-4 sent ucuzlaşdığını, donuz ətinin kiloqramının qiymətinin isə bəzi hallarda 1,4 avroya qədər düşdüyünü bildirib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayından Rusiya ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq ABŞ, Kanada, Avstraliya, Norveç və Avropa İttifaqı ölkələrindən ərzaq məhsullarının idxalına məhdudiyyətlər qoyub. Qadağalar siyahısına donuz, mal və toyuq ətı, həmçinin kolbasa, balıq, meyvə-tərəvəz və süd məhsulları daxildir.