Regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsi diqqət mərkəzindədir
Bakı, 11 aprel,
AZERTACMaddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər teatr kollektivlərinin, 219 muzeyin, 35 rəsm qalereyasının, 3161 kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət saraylarının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatı müşahidə olunur.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Nazir deyib ki, regionların simvoluna çevrilən Heydər Əliyev mərkəzləri çağdaş və qlobal informasiya texnologiyaları, kitabxana, konfrans salonu, təlim kursları olan müasir mədəniyyət müəssisələri kimi əhalinin geniş təbəqələrinə xidmət göstərir.
Regionlarda mədəniyyət müəssisələri ilə əlaqədar islahatların daha keyfiyyətlə və sürətlə həyata keçirilməsinin diqqət mərkəzində olduğunu söyləyən nazir bildirib ki, bu, ilk növbədə yerlərdə müasir dövrün tələbləri ilə uyğunlaşmayan köhnə iş üsullarının, qeyri-işlək strukturların, vahidlərin, ümumən, şəbəkə sisteminin optimallaşdırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu prosesin yekunu olaraq göstərilən xidmətlərin səviyyəsi müasir tələbata uyğun olaraq əhəmiyyətli dərəcədə yüksələcəkdir.