Mədəniyyət

RAGB fəalı “Bequşşaya volna” festivalının laureatı olub

Metbuat.az

Moskva, 8 aprel,

AZƏRTAC

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecinin tələbəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəal üzvü Jalə Kərimova Moskvada P.İ.Çaykovskinin anadan olmasının 175 illiyinə həsr edilmiş “Bequşşaya volna” uşaq və gənclər yaradıcılığı Beynəlxalq festival-müsabiqəsinin laureatı olub.


Moskva hökumətinin dəstəyi ilə Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzey Birliyi, “P.İ.Çaykovski və Moskva” muzeyi, “Təhsil və dünya mədəniyyəti” Mərkəzi tərəfindən təşkil edilmiş bu festival P.İ.Çaykovski yaradıcılığının təbliğinə yönəldilmiş regjonlararası və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilib.


Jalə Kərimova bu festivala RAGB-nin və ÜAK-ın dəstəyi ilə qoşulub. İstedadlı gənclərin və Moskva musiqi məktəblərinin yetirmələrinin iştirak etdiyi festivalda Jalə Kərimova Manuel de Falın “İspan rəqsi”ni ifa edib.


Festival-müsabiqənin iştirakçılarını qiymətləndirən səriştəli münsiflər heyətinə RF əməkdar mədəniyyət işçiləri, Ümumrusiya və beynəlxalq müsabiqələr laureatları, A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun müəllimləri daxil idi.


Münsiflər heyətinin nümayəndələri öz çıxışlarında Jalə Kərimovanın ifasını vurğulayaraq ona yeni yaradıcılıq uğurları arzulayıblar.


Festivalın sonunda təşkil edilmiş qala-konsertdə Jalə Kərimova bir daha Manuel de Falın “İspan rəqsi”ni ifa edib. Ona “P.İ.Çaykovski və Moskva” muzeyinin fəxri diplomu təqdim edilib.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva