Qırğızıstan Azərbaycanla iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır
Bişkek, 16 aprel,
AZƏRTACQırğızıstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
AZƏRTAC
xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat naziri Temir Sariev Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla keçirdiyi görüşdə deyib.
Görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycanın iqtisadi sahədə uğurlarından danışılıb.
Səfir bildirib ki, son illər ərzində iqtisadiyyat və ticarət sahəsində Azərbaycan və Qırğızıstan arasında əlaqələrin genişlənməsinə baxmayaraq, əməkdaşlığın daha da inkişafı üçün istifadə edilməmiş böyük potensial var və bundan istifadə olunması vacibdir.
Temir Sariev deyib ki, bu il may ayının 2-dən 5-dək Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik Toplantısında iştirak edəcək. Qeyd olunub ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn 3 minə yaxın hökumət və biznes strukturlarının nümayəndələri, investorlar, jurnalistlərin iştirak edəcəyi gözlənilir.
Görüşdə hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek