Qeyri-adi daşlar - FOTO
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, ekskavatorçu
Həbib Şahverdiyevbir neçə gün öncə Cəlilabad rayonunun Əliabad kəndindəki çay hövzəsində qazıntı işləri apararkən oradan maraqlı daşlar aşkar edib. Tapılan çay daşlarından həcminə görə ən böyüyünün üzərində ürək və göz təsvirinin olması onu xeyli təəccübləndirib. Daşın səthində hər hansı bir zədənin olmaması və çay yatağının 2 metr dərinliyindən üzə çıxması təsvirin onun üzərinə süni yolla çəkilmədiyini deməyə əsas verir.
Daha sonra işi dayandıran ekskavatorçu qazdığı yeri diqqətlə nəzərdən keçirib. Bu zaman oradan maraqlı formada olan daha 4 daş aşkar edib. Bunlardan ikisi kürə, biri dairə formasında olsa da, digəri rənginə və formasına görə yumurtanı xatırladır.
Qeyri-adi daşları ekskavatorçu müəyyən mütəxəssislərə də göstərib və məlum olub ki, bunlar tamamilə təbii proseslər nəticəsində yaranıb. Daşların qeyri-adi forması və üzərindəki ürək və göz təsviri görənlərin marağına səbəb olduğu üçün Həbib onları evində qoruyub saxlayır.
Milli.Az