Paytaxtda Şəkinin incəsənəti və mədəni irsi təqdim olunub
Bakı, 21 aprel,
AZƏRTACMədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.
Layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir.
AZƏRTAC
xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi, müasir zənginlikləri və Şəkinin adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət nümunələri, bölgənin turizm imkanları nümayiş olunub, incəsənət ustalarının konserti keçirilib.
Qeyd edək ki, bu il ərzində Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri təşkil ediləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.