Paytaxtda 11 maşının toqquşması nəticəsində 1 nəfər ölüb
Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 11 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Dərnəgül şosesində baş verən hadisə zamanı 1 nəfər dünyasını dəyişib.
Dərnəgül şosesinin Nərimanov rayonuna aid ərazisində "Lifan" markalı maşının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə olan "Daewoo" markalı avtomobilə çırpıb. Bundan sonra isə nəqliyyat vasitəsi daha iki "Mercedes" markalı avtomobilə dəyərək dayanıb. Qəza zamanı sürücülər yüngül xəsarət alıb.
Bundan sonra isə yoldan keçən avtomobillərin qəzaya baxması başqa bir hadisənin baş verməsinə səbəb olub. Bu zaman arxadan gələn "Mitsubishi" markalı avtomobil ara məsafəsini düzgün seçmədiyi üçün qarşıda dayanan "Mercedes"ə çırpılıb. "Mitsubishi"nin sürücüsünə hadisə şahidləri ilkin tibbi yardım göstərib. Baş verən ikinci qəzadan sonra yolda sıxlıq yaranıb. Bu isə daha ağır qəzaya səbəb olub.
Belə ki, 5 avtomobil bir-birinə çırpılıb. Əvvəlcə “KamAZ” markalı yük maşını qarşıda dayanan “MAZ”a çırpılıb. “KamAZ”ın sürücüsü 1986-cı il təvəllüdlü Xəyyam Quliyev hadisə yerində ölüb. “KamAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan “VAZ 2107”yə, o da öz növbəsində “Mercedes”ə çırpılıb. “Mercedes” “Chevrolet”lə toqquşub.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.