İqtisadiyyat

Ötən il ölkəmizdə 9130 yeni hüquqi şəxs qeydiyyata alınıb

Metbuat.az

Bakı, 5 aprel,

AZƏRTAC

 


Cari ilin yanvar ayınadək ölkəmizdə qeydiyyatda olan müəssisə və təşkilatların sayı 94 min 563-ə çatıb. Ötən il ərzində 9130 yeni hüquqi şəxs qeydiyyata alınıb.


AZƏRTAC

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına istinadla bildirir ki, müəssisə və təşkilatların 26,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,8 faizi tikinti, 9,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi peşə, elmi və texniki fəaliyyət, 5,9 faizi emal sənayesi, 3,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi təhsil, 2,3 faizi informasiya və rabitə, qalanları isə digər bölmələrin payına düşür.


Müəssisələrin 9,4 faizi Bakıda, 12,5 faizi Quba-Xaçmazda, 11,6 faizi Abşeronda, 16,8 faizi Dağlıq Şirvanda, 11,9 faizi Şəki-Zaqatalada, 11,5 faizi Lənkəranda, 8,5 faizi Aranda və 9,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında qeydiyyata alınıb. Ötən il ərzində qeydiyyata alınan yeni hüquqi şəxsin 1607-si dövlət mülkiyyətinə, 7-si bələdiyyə və 7516-sı xüsusi mülkiyyətə aid olub. Xüsusi mülkiyyətli müəssisələrin 533-ü tam xarici investisiyalı, 147-si isə birgə müəssisələrə aiddir.


Qeydiyyata alınan hüquqi şəxslərin 10 min 540-ı dövlət mülkiyyətinə, 82 min 370-i xüsusi mülkiyyətə, (o cümlədən xüsusi mülkiyyətli müəssisələrin 5429-u tam xarici investisiyalı, 1754-ü isə birgə müəssisələrə aiddir), 1653-ü bələdiyyə mülkiyyətinə mənsub olub. Statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər ölkələrin sahibkarları tərəfindən yaradılıb.