Sosial

Oqtay Şirəliyevin I Avropa Oyunları ilə bağlı müraciəti

Metbuat.az

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərinə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səhiyyə Nazirliyində Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir.

Aprelin 26-da Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini xatırladan nazirin sözərinə görə, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir.

O.Şirəliyev deyib ki, tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az