Oqtay Şirəliyev tapşırıq verdi
Səhiyyə naziri Oqtay Şirəliyev I Avropa Oyunları ilə bağlı müraciət edib. ANS PRESS-in Səhiyyə Nazirliyi Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, nazirlikdə 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirilib.
Nazir tədbirin sonunda çıxış edərək, 26 aprel 2015-ci il tarixində Bakıda ilk Avropa Oyunlarının məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün regionlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini bildirdi.
Oqtay Şirəliyev qeyd edib ki, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir: “Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir”.
O.Şirəliyev Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların da gələcəyini dedi. Nazir vurğuladı ki, tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.
Səhiyyə naziri ev sahibi kimi Azərbaycanın bu genişmiqyaslı tədbiri layiqincə təşkil edəcəyinə, ilk Avropa oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacağına inandığını vurğuladı.
Mənbə
ANS PRESS