Oğuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi 115 yaşlı Zeynəb nənənin qonağı olub
Oğuz, 8 aprel,
AZƏRTACAzərbaycanın dilbər guşələrindən olan Oğuz rayonu uzunömürlülər diyarı kimi tanınır. Hazırda rayonda yaşı yüzü ötmüş 4 ahıl var. 115 yaşlı Zeynəb nənə isə, həm də Azərbaycanın ən uzunömürlü sakinlərindən biri hesab olunur. 1900-cü ildə Oğuzun Qarabulaq kəndində anadan olmuş Kərimova Zeynəb Əhməd qızı rayonun Astraxanovka kəndində yaşayır. Zeynəb nənənin 11 övladından üçü sağdır. Nənənin 5 nəvəsi, 7 nəticəsi var.
AZƏRTAC
xəbər verir ki, aprelin 8-də rayon rəhbərliyi Zeynəb nənənin qonağı olub, rayonun ən yaşlı sakinini doğum günü münasibətilə təbrik edib, əhvalı ilə maraqlanıblar. Görüşdə iştirak edən həkim briqadası Zeynəb nənəni hərtərəfli tibbi müayinədən keçirib. Onun səhhətində ciddi problem qeydə alınmayıb.
Yaşının çox olmasına baxmayaraq Zeynəb nənə hazırda özünü gümrah hiss edir, ev işlərini özü sərbəst görə bilir, gözləri yaxşı görür, hətta tikiş tikmək üçün iynəni belə özü saplayır.
Görüş zamanı Zeynəb nənəyə doğum günü münasibətilə rayon icra hakimiyyəti tərəfindən xalça hədiyyə olunub, tort kəsilib, çay süfrəsi ətrafında səmimi söhbət aparılıb.
Hər il Zeynəb nənənin doğum gününün rayon rəhbərliyi ilə birgə qeyd olunması qərara alınıb.