Nizami Kino Mərkəzində üç yeni filmin nümayişinə başlanılıb
Bakı, 3 aprel, Z.Mansurova,
AZƏRTACNizami Kino Mərkəzində “Su axtaranlar”, “Biri varmış, biri yoxmuş” və “Sevastopol uğrunda döyüş” filmlərinin nümayişi başlanıb.
AZƏRTAC
xəbər verir ki, Türkiyə rejissoru İlksen Başarırın çəkdiyi “Biri varmış biri yoxmuş” filmi romantik hekayə janrındadır. İbtidai sinif müəlliməsi işləyən Nehir, günlərin birində təsadüfən dinlədiyi mahnıdan çox təsirlənir və onun bəstəkarı Ozanı tapmağı qərara alır. Ozanı tapdıqda, onun dərin sarsıntı keçirdiyini və çıxışı olmayan yol ayrıcında qaldığını başa düşür. Bir tərəfin qətiyyətliyi, digər tərəfin həyat çırpıntıları içində yaranmış eşq xoşbəxt sonluqla bitir. Filmdə baş rolları Mert Fırat, Melisa Sözen, həmçinin Hare Sürel, Mustafa Uzunyılmaz, Judit Liberman, Onur Şirin, Anıl Altınöz ve Göktay Tosun ifa edirlər.
ABŞ, Avstraliya və Türkiyə istehsalı olan “Son ümid, yaxud su axtaranlar” filmini Hollivud ulduzu Rassel Krou hərbi dram janrında çəkib. Ssenarisi Endryu Naytın və Endryu Anastasios tərəfindən yazılmış film bir avstraliyalının birinci Dünya müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Bu insan özü də bilmədən itirdiyi ümidini heç fikirləşmədiyi yerdə tapır. Filmdəki hadisələr 1919-cu ildə baş verir. Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdoğan çəkiliblər.
Melodram və döyüş janrında olan “Sevastopol ugrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitski ekranlaşdırıb. Film əfsanəvi snayper–qadın Lyudmila Pavliçenkonun həyat yolundan bəhs edir. Hərb meydanında ölüm və əzablar görən qadın üçün əsl sınaq müharibənin onun əlindən ala biləcəyi sevgisi olur. Çəlimsiz qadın bu çətinliklərin öhdəsindən cəsarətlə gələ bilir. Filmdə obrazları Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko canlandırırlar.
Kino Mərkəzində filmlərin nümayişi 3 həftə davam edəcək.