Mədəniyyət

Nizami Kino Mərkəzində milli komediya filminin qala-gecəsi keçirilib

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Aprelin 1-də Azərbaycanın ən böyük kinoteatrı olan Nizami Kino Mərkəzində növbəti milli komediya filmi “Yumurta”nın qala–gecəsi keçirilib.


AZƏRTAC

xəbər verir ki, rejissor Ramil Adiloğlu fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları xalq artisti Arif Quliyev, aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.


Film arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta, onu indiki dövrə gətirir...


İyirmidən artıq aktyoru ətrafında birləşdirən “Yumurta” gülüş günündə tamaşaçıya maraqlı süjet və bol gülüş bəxş edib.


Filim aprelin 2-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaqdır.