"Müsəlman dünyası böyük təhlükə ilə üz-üzə qalıb“ – Şeyx
“Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətimizdir”. Lent.az-ın məlumatına görə, bunu “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, belə bir tədbirin multikulturalizm və tolerantlığın məkanı olan Azərbaycanda keçirilməsi tamamilə məntiqidir: “Artıq Azərbaycan əvvəlki məzlum dövlət deyil. Bu gün Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü kimi qlobal və regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirir. Bu, əlbəttə dövlət rəhbərimizin səyləri nəticəsində əldə etdiyimiz nailiyyətlərdir. Bizi çox sevindirir ki, prezident ölkənin iqtisadi və siyasi qüdrətini artırmaqla yanaşı, dini və elmi mühitimizin inkişafına da həssaslıqla yanaşır”.
Şeyxin sözlərinə görə, əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər. Dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir.
Alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir”.