Ölkə

Müharibə veteranları Prezident İlham Əliyevə onlara göstərdiyi yüksək qayğıya görə minnətdarlıq edirlər

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam veteranlar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.


AZƏRTAC

xəbər verir ki, ehtiyatda olan general-mayor Dadaş Rzayev bununla əlaqədar Respublika Veteranlar Təşkilatı rəyasət heyəti adından dövlətimizin başçısına təşəkkür məktubu ünvanlayıb. Məktubda veteranlara qayğının əsasının hələ sovetlər dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirilir. Müstəqilliyimiz bərpa edildikdən sonra isə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderin imzaladığı ilk sənədlərdən biri olan “Veteranlar haqqında” Qanunda bu qayğının öz hüquqi əsasını tapdığı diqqətə çatdırılır.


Məktubda Ulu Öndərin veteranlara göstərdiyi qayğının bu gün də dövlətimizin başçısı tərəfindən ardıcıllıqla yerinə yetirildiyi razılıq hissi ilə qeyd edilir. “Biz bunu Sizin bu gün 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 400 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə imzaladığınız Sərəncamda da görürük”, - deyə məktubda vurğulanır.


Qeyd edilir bu Sərəncam Böyük Vətən müharibəsi iştirakçıları tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb.


Məktubda veteranlar onlara göstərdiyi qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq ifadə edir, ölkəmizin müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulayırlar. Məktubun sonunda Azərbaycan Prezidentinə müraciətlə deyilir: “Veteranlar həmişə Sizinlədir”.