Müdafiə istehkamları Azərbaycanın hərb tarixində böyük rol oynayıb
Bakı, 16 aprel,
AZƏRTACAprelin 16-da Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmiş “Azərbaycanın hərb tarixində müdafiə istehkamlarının rolu” adlı tədbir keçirilib.
Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 1982-ci ildə UNESCO-nun yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (ICOMOS) tərəfindən təsis edilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirə toplaşanlara minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycanın hərb işində hələ qədim zamanlardan müdafiə istehkamları böyük rol oynayıb. Onlara Gəmiqaya, Çiraqqala, Əlincə, Gələrsən-Görərsən və başqa qalalar aiddir.
Sonra “İçərişəhər” Tarixi Muzeyinin beynəlxalq münasibətlər və kütləvi tədbirlər şöbəsinin baş mütəxəssisi Həcər Alxasova, Azərbaycan Hərb Tarixi Muzeyinin arxiv fondunun elmi əməkdaşı Nuranə Nəcəfova və başqalarının müdafiə olunan abidə-istehkamlara aid məruzələri dinlənilib.
Tədbirdə Silahlı Qüvvələrin nümayəndələri, muzeylərin əməkdaşları, elm xadimləri, jurnalistlər və başqaları iştirak ediblər.